Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmişlidə yubiley tədbiri keçirilib

25.05.2026

Mayın 25-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli rayon Mədəniyyət Mərkəzində mərkəzin bədii rəhbəri, bəstəkar və müğənni Şakir Quliyevin 65 illik yubileyinə həsr olunmuş “Şəms kimi işıq saçan sənət yolu” adlı tədbir keçirilib.

Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov, İmişli Bələdiyyəsinin sədri Qalib Mirzəyev, rayonun mədəniyyət müəssisələrinin rəhbərləri, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər və sənətkarın sənət dostları iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edənlər Şakir Quliyevi yubileyi münasibətilə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar. Çıxışlarda sənətkarın uzun illər ərzində rayonun mədəni həyatında göstərdiyi xidmətlərdən, musiqi sahəsindəki fəaliyyətindən və gənc istedadların yetişməsinə verdiyi töhfələrdən bəhs olunub.

Bədii hissə ilə davam edən tədbirdə mədəniyyət və incəsənət nümayəndələrinin ifasında bəstəkarın müəllifi olduğu mahnılar səsləndirilib, musiqi nömrələri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda Şakir Quliyev İmişli Bələdiyyəsinin Fəxri fərmanı və hədiyyələrlə təltif olunub.