Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Adıgün” Türk Xalq Folklor kollektivi Beynəlxalq Folklor festivalında

02.06.2024

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Saatlı rayon Nəsimikənd kənd Folklor evinin “Adıgün” Türk Xalq Folklor kollektivi Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin öyrənilməsinə kömək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Tərəkəmə Çərşənbəsi V Beynəlxalq Folklor Festivalı”ında iştirak edib.

Festival Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizm məkanında 1-2 iyun tarixlərində keçirilib.

Festivalda Azərbaycandan olan folklor kollektivləri ilə bərabər Türkiyə, İtaliya, Gürcüstan və digər dövlətlərdən dəvət olunmuş xalq ansamblları, xalq xor kolletivləri də iştirak edib.

Festival çərçivəsində rəsm əsərləri, dekorativ-sənətkarlıq nümunələri, kənd məhsullarından ibarət sərgi-yarmarka təşkil edilib. Tanınmış rəssamlar, heykəltaraşlar, el sənətkarları, idman ustalarının ustad dərsləri keçirilib. Eyni zamanda kəndirbazlar, zorxana, oxatma, çilingağac kimi milli oyunlar da nümayiş olunub.

Festivalın keçirilməsi tərəkəmə həyat tərzinin və köç yollarının UNESCO siyahısına alınması ilə səsləşir. Tədbir təşkilatçılarının əsas hədəfi festivalın davamlı olması və UNESCO-nun ilkin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsidir.