Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mədəniyyət beşiyi – Şuşa” adlı regional yaradıcılıq müsabiqəsi təşkil edilmişdir.

04.05.2022

Ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar olaraq, Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın çoxəsrlik mədəni, tarixi irsinin təbliğ olunması və qorunması, eyni zamanda xüsusi istedada malik olan uşaq və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək və yeni istedadları üzə çıxarmaq məqsədilə musiqi, bədii qiraət və rəsm sənət növləri üzrə “Mədəniyyət beşiyi – Şuşa” adlı regional yaradıcılıq müsabiqəsi təşkil edilmişdir.

Müsabiqənin 1-ci turu 2022-ci ilin 20 aprel tarixinədək rayon nümayəndəlikləri tərəfindən müvafiq olaraq Şirvan şəhəri, Sabirabad, Saatlı və Hacıqabul rayonlarında keçirilmişdir.

Müsabiqənin 2-ci turu (final) isə 29 aprel 2022-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilmiş və ümumilikdə 52 nəfər (12 nəfər rəsm nominasiyası üzrə, 12 nəfər bədii qiraət nominasiyası üzrə, 28 nəfər isə musiqi nominasiyası üzrə) uşaq, yeniyetmə və gənclər iştirak etmişdir.

İştirakçılar hər bir nominasiya üzrə müvafiq olaraq təyin edilmiş 5 nəfər münsif tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirilmiş və münsiflər heyətinin verdikləri qiymətlərə əsasən qaliblər müəyyənləşdirilmişdir.

Qalibləri mükafatlandırma mərasimindən öncə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, doğma Şuşamızın Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın, musiqimizin beşiyi, eləcə də, həmişə bu ənənələrin əsasını qoyanların tarixi vətəni olduğundan söz açmışdır.

Sonda qaliblər Sabirabad Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanı və mükafatlarla təltif edilmiş, xatirə şəkli çəkilmişdir.