22.10.2018
22 oktyabr 2018-ci il tarixində Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanada “ADZONE” şirkətinin kitabxana-informasiya xidmətlərinin müasir və innovativ metodlar əsasında təşkilinə dair hazırladığı layihəsinin təqdimatı keçirilmişdir. Sözügedən layihə müasir formatda hazırlandığı üçün onun həyata keçirilməsi mütaliənin kütləviləşməsinə, oxu mədəniyyətinin formalaşmasına, kitabxanaların sosial imicinin artırılmasına, yeni xidmət növlərinin təşkilinə müəyyən töhfə verə bilər. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin göstərişinə əsasən Regional Mədəniyyət İdarəsi vasitəsilə Sabirabad rayon MKS-ində “ADZONE” şirkəti tərəfindən hazırlanan təqdimatda göstərilən xidmətlərin pilot layihə kimi reallaşdırılması nəzərdə tutulmuşdur.
Təqdimatda Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov, Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçiləri Telman Əzimov və Aynur xanım İsmayılova da iştirak etmişlər. RMİ-nin rəisi Əhməd Ramazanov layihə haqqında danışaraq öz müsbət fikirlərini bildirdi. Layihəyə audiovizual baxış keçirildikdən sonra tədbir iştirakçıları arasında geniş şəkildə müzakirələr aparıldı. MKS-inin direktoru Eldar Urufov da çıxış edərək pilot layihə ilə bağlı fikirlərini ifadə etdi.