04.10.2018
Şirvan şəhər Mədəniyyət Mərkəzinin Diyarşünaslıq klubunda Beynəlxalq Müəllimlər günü münasibətilə ədəbi-bədii gecə keçirilmişdir. Gecənin aparıcıları Rəvanə Alışova, Səkinə Rüstəmli, Ceyran Qurbanlı, Vüsalə Abdulova, Nəzrin Səfərova və Emin İsmayıllı əlamətdar gün münasibətilə müəllimləri təbrik etmişlər. Aparıcılar vurğulamışlar ki, gecədə iştirak edən hər kəsə, hətta müəllimlərin özlərinə də dərs demiş müəllimlər olub və onlardan bir çoxu, artıq, haqq dünyasına qovuşmuşdur. Hər kəsin həyatında xüsusi rol oynamış və artıq dünyalarını dəyişmiş müəllimlərin xatirəsi bir dəqiqlək sükutla yad olunmuşdur.
Gənc nəslin yetişməsində xüsusi rolu olan, buna görə də obrazlı şəkildə “Gələcəyin memarları” adlandırılmağa layiq olan müəllimlərin ünvanına söylənilən səmimi və xoş sözlərin səsləndiyi ədəbi-bədii gecəni Emin İsmayıllının söylədiyi şeir, Fəridə Yaqubzadə və Sadiq Həsənovun ifa etdiyi mahnılar, Asim Məmmədovun qarmonda, Fərid Fərəczadənin klarnetdə ifa etdiyi rəqslər, tələbə şair Nahidə Məmmədovanın şeiri daha da rövnəqləndirmişdir. Ədəbi-bədii gecə tələbələrin xorla ifa etdiyi “Əziz müəllimim” mahnısı ilə sona yetmişdir.