01.07.2018
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən regionlarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Bölgələrdən-bölgələrə ”Yaradıcılıq festivalı silsiləsindən olan tədbirlər regionlar üzrə davam etdirilir. Festivalın məqsədi 100 illik dövlətçiliyin və qədim Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması və incəsənət nümunələrinin təqdim olunması üçün regionların bir-biri ilə mədəni əməkdaşlığıdır. 01 İyul 2018-ci il tarixində “Bölgələrdən-bölgələrə” Yaradıcılıq festivalı” nəzərdə tutulan regionlar sırasından Sabirabad rayonunda təşkil edildi. Sabirabad rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin hər birinin festival çadırı qurularaq,şəhər və regionların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri,rəsmlər,suvenirlər və digər əl işlərinin sərgisi və satışı keçirilib. Festivalın açılış mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri,Sabirabad rayon rəhbərliyi,regional idarələrin rəhbərləri,mədəniyyət işçiləri,rayon ictimaiyyəti iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri və əl işləri ilə tanış olublar. Sonra Parkın açıq hava səhnəsində Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri,folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər. Yaradıcılıq festivalında Sabirabad rayon Mədəniyyət Mərkəzinin Əhmədabad kənd Folklor evinin “Axısxa Türk-Halay”rəqs qrupunun və xalq kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Rayon ictimaiyyəti bölgələrdə bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirilərək,tədbirin təşkilatçılarına minnətdarlıq bildiriblər.