19.04.2018
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli, 2966 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Şirvan Dövlət Rəsm Qalereyasında “Sağlam həyat uğrunda” adlı sərgi təşkil olunmuşdur. Qalereyanın direktoru Çinarə Vəliyeva sərginin açılışında çıxış edərək əsrin bəlasına, “ağ ölüm”ə çevrilmiş narkomaniyanın acı nəticələri, onunla mübarizədə maarifləndirici tədbirlərin əhəmiyyəti barədə məlumat vermişdir. Ümumtəhsil məktəblərinin yüz nəfərədək şagird və müəlliminin iştirak etdiyi açılışda 16 saylı tam orta məktəbdə təhsil alan şagirdlərin şəkillər əsasında hazırladıqları “Gəncliyimiz əriməsin” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Qalereyanın ekskursiyaçısı Şəbnəm Əhmədova “Sağlam həyat uğrunda” adlı sərgidə nümayiş etdirilən rəsmlər haqqında tamaşaçılara məlumat vermişdir. Sərgidə məktəblilərin akvarel və quaşla kağız və karton üzərində, əsasən, karikatura janrında çəkdikləri otuzadək rəsm nümayiş olunur. Aprelin 19-da açılmış sərgi bir həftə davam edəcək.