Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beyləqanda “Sağlam gələcək naminə narkobiznesə yox deyək” adlı tədbir keçirilib

25.06.2026

İyunun 25-də Beyləqan rayon Heydər Əliyev Mərkəzində 26 İyun–Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsi və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə “Sağlam gələcək naminə narkobiznesə yox deyək!” adlı maarifləndirici tədbir təşkil olunub.

Tədbir Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, Beyləqan Rayon Polis Şöbəsinin, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə təşkilatçı qurumların əməkdaşları, yeniyetmə və gənc idmançılar, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi Məhəmməd Qələndərov, Beyləqan Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili Peyman Süleymənov və rayon Mərkəzi Xəstəxanasının həkimi, Ailə Sağlamlıq Mərkəzinin müdiri İzzət Şamxalova ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirləri, narkomaniyaya və narkobiznesə qarşı mübarizə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.

MMRGİİ-nin Beyləqan rayon üzrə Gənclər və İdman Sektorunun əməkdaşı Elnur Səfərov və Beyləqan rayon Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşı Xumar Qasımova isə gənclər arasında təşkil olunan maarifləndirici tədbirlərin əhəmiyyətindən danışaraq, narkomaniyanın insan sağlamlığına, ailə institutuna və cəmiyyətə vurduğu mənfi təsirlərdən bəhs edib, bu istiqamətdə mübarizədə hər kəsin üzərinə düşən məsuliyyəti diqqətə çatdırıblar.

Qeyd olunub ki, narkomaniya və narkobiznesə qarşı mübarizədə hər bir Azərbaycan vətəndaşı yaxından iştirak etməli, gələcəyimiz olan gəncliyin bu ağır bəladan qorunması üçün hüquqi tədbirlərlə yanaşı, gənclər arasında maarifləndirmə tədbirləri gücləndirməlidir.

Sonda narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub və xatirə şəkilləri çəkdirilib.