15.06.2026
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin N saylı hərbi hissəsində “Vətənə sədaqət, dövlətə xidmət” adlı konsert proqramı təşkil olunub.
Tədbir Mil-Muğan Regional Mədəniyyət İdarəsi ilə DSX-nin Göytəpə Sərhəd Dəstəsinin N saylı hərbi hissəsinin 2026-cı il üçün birgə tədbirlər planına uyğun olaraq Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli rayon Mədəniyyət Mərkəzi və İmişli Şəhər Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin ehtiramla yad edilməsi və Dövlət Himni səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən şəxsi heyətlə iş üzrə bölmənin rəisi mayor Miraqil Seyidov zabit və əsgərləri Milli Qurtuluş Günü münasibətilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb.
Konsert proqramında mədəniyyət işçilərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, rəngarəng musiqi nömrələri təqdim olunub. Hərbi qulluqçular tərəfindən maraqla qarşılanan proqram iştirakçılara xoş ovqat bəxş edib.
Tədbirin sonunda hərbi hissə rəhbərliyi tərəfindən mədəniyyət işçilərinə təşəkkür edilərək, təşkil olunan maraqlı proqram və səmərəli əməkdaşlığa görə fəxri fərmanlar təqdim olunub.