Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beyləqanda “Kişi və qadın” tamaşası nümayiş olunub

20.06.2026

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Beyləqan rayon Mədəniyyət Mərkəzində Ağdam Dövlət Dram Teatrının yaradıcı kollektivi tərəfindən yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanmış ikihissəli “Kişi və qadın” komediyası tamaşaçılara təqdim olunub.

Tamaşada müasir ailə münasibətləri, ailədaxili problemlər, insan xarakterinin psixoloji çalarları və zamanla dəyişən münasibətlərin yaratdığı mənəvi uzaqlaşmalar maraqlı səhnə dili ilə əks etdirilib. Uzun illər birgə həyat sürən, lakin zaman keçdikcə bir-birinə yadlaşan ər və arvadın həyatından bəhs edən səhnə əsəri komediya janrına uyğun olaraq həm gülüş, həm də düşündürücü məqamlarla yadda qalıb.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Kərim Həsənov, quruluşçu rəssamı Qönçə Həzizadə, musiqi operatoru Elşən Cəfərov, rejissor assistenti Ceyhun Yusifovdur.

Rolları Kərim Həsənov, Xəyalə Xudadatova, Ramil Hüseynzadə, Zərifə Ağayeva, Ülviyyə Qasımova və Mahir Xəlilov ifa ediblər.

Ağdam Dövlət Dram Teatrının aktyorlarının peşəkar ifası, tamaşanın dinamik quruluşu və emosional təsir gücü tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Səhnə əsəri rayon sakinləri və mədəniyyətsevərlərdə xoş təəssürat yaradıb, alqışlarla başa çatıb.