Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadda Beynəlxalq Muzeylər Günü qeyd olunub

18.05.2026

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad Tarix-Diyarşünaslıq Muzeyində 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə “Tariximiz eksponatların dili ilə” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Ayşən Astanova muzeyin fəaliyyəti, burada qorunub saxlanılan eksponatlar və onların tarixi əhəmiyyəti barədə ətraflı məlumat verib.

Daha sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və digər çıxış edənlər 18 May – Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən danışaraq, muzeylərin xalqın tarixi yaddaşının qorunması, milli-mədəni irsin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar. Çıxış edənlər muzey əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, onların tarixi irsin qorunması və təbliği istiqamətindəki fəaliyyətlərini yüksək qiymətləndiriblər.

Tədbir çərçivəsində məktəblilər arasında intellektual yarış təşkil olunub. Sabirabad şəhər N. Nərimanov və N. Gəncəvi adına 5 nömrəli tam orta məktəbin şagirdləri rayonun tarixi ilə bağlı maraqlı təqdimatlarla çıxış ediblər. N. Nərimanov adına 2 nömrəli tam orta məktəbin şagirdləri isə Azərbaycan muzeyləri haqqında ətraflı məlumat təqdim edərək iştirakçıların marağına səbəb olublar.

Tədbirin bədii hissəsində Ü. Hacıbəyov adına musiqi məktəbinin şagirdlərinin ifasında səsləndirilən musiqi nömrələri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.