01.05.2026
Aprelin 30-da Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbində “İnklüziv Yaradıcı Sənətlər Festivalı” layihəsi çərçivəsində tədbir təşkil olunub.
Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Beyləqan Rayon İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin və Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəsmi tərəfdaşlığı, “Biz Bir Ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin təşkilatçılığı, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilib.
Tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, inklüziv dəyərlərin təbliği və yaradıcı sənətlər vasitəsilə sosial fəallıqlarının artırılmasına dəstək göstərmək olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin və dünyasını dəyişmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi hissədə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Heybət Əliyev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi Məhəmməd Qələndərov, məktəbin direktoru Elmurad Quliyev və layihənin ideya müəllifi, “Biz Bir Ailəyik” İctimai Birliyinin sədri Günay Ağazadə festivalın əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, inklüziv platformalar gənclərin özlərini sərbəst ifadə etməsinə, yaradıcılıqlarını nümayiş etdirməsinə şərait yaradır, sənət isə cəmiyyətdə qarşılıqlı anlaşma və birliyi möhkəmləndirən əsas vasitələrdəndir.
Bədii hissədə “Aranqala” xalq çalğı alətləri ansamblının çıxışı, kanon, tar və saz ifaları, milli rəqslər və bədii qiraət nümunələri təqdim olunub. Gənc istedadların çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda iştirakçılar və festivalın təşkilində əməyi olan şəxslər təltif olunub, layihəyə dəstək göstərən tərəfdaşlara təşəkkür bildirilib.