29.04.2026
Belə ki, Füzuli Dövlət Dram Teatrı Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə regionda tamaşaçılar qarşısında çıxış edib.
Teatrın təqdimatında dramaturq Əhməd Orucovun müəllifi olduğu “Nənənin kələyi” komediyası aprelin 26-da İmişli rayon Mədəniyyət Mərkəzində, aprelin 28-də isə Saatlı rayon Mədəniyyət Mərkəzi və Sabirabad rayon Mədəniyyət Mərkəzində nümayiş etdirilib.
Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilən tamaşada Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və YAP Sabirabad rayon Təşkilatının sədri Varis Rüstəmov iştirak ediblər.
Tamaşadan sonra çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev regionlarda teatr sənətinin inkişafı, mədəni tədbirlərin əhəmiyyətinin artırılması və bu cür qastrol səfərlərinin vacibliyini vurğulayıb, kollektivə uğurlar arzulayıb.
“Nənənin kələyi” tamaşası iki gəncin saf məhəbbəti üzərində qurulmuş, eyni zamanda ailə dəyərlərini, milli ənənələri və nəsillərarası münasibətləri yumorla əks etdirən maraqlı komediyadır. Hadisələrin mərkəzində bir-birini sevən iki gəncin ailə qurmaq arzusu dayanır. Lakin bu arzunun qarşısında gözlənilməz bir maneə – qızın həyat təcrübəsi zəngin, uzaqgörən və bir qədər sərt xarakterli nənəsi dayanır.
Tamaşaya quruluşçu rejissor Əli Hüseynov rəhbərlik edib. Səhnə tərtibatı Ellinaz Balaşova, rejissor assistenti Gülgəz Soltanova, musiqi tərtibatı isə Sənan Sevindikzadə tərəfindən həyata keçirilib.
Nümayişlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb, aktyorların peşəkar ifası sürəkli alqışlarla müşayiət olunub. Qastrol çərçivəsində keçirilən bu tamaşalar regionlarda mədəni həyatın canlandırılması, teatr sənətinə marağın artırılması və asudə vaxtın səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb edib.