22.04.2026
YAP Sabirabad Rayon Təşkilatı, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Sabirabad rayon Mədəniyyət Mərkəzində “Xəmsə” intellektual yarışması keçirilib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Yarışmanın açılış hissəsində YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov çıxış edərək, Heydər Əliyev irsinin gənclər üçün bir məktəb olduğunu vurğulayıb, bu kimi yarışların gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması və intellektual inkişafındakı əhəmiyyətindən bəhs ediblər.
Yarışma gərgin və maraqlı mübarizə şəraitində keçib, iştirakçılar müxtəlif mövzularda öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
İntellektual oyunun gedişatında komandaların enerji toplaması və fikir mübadiləsi aparması üçün xüsusi çay fasilələri təşkil olunub ki, bu da tədbirə xoş və səmimi bir ab-hava qatıb.
Yekun nəticələrə əsasən, nümayiş etdirdiyi yüksək bilik səviyyəsi ilə “Paradoks” komandası I yerə, “Birlik” komandası II yerə, “Zəfər” komandası isə III yerə layiq görülüb. Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb.
Sonda xatirə şəkli çəkdirilib.