17.03.2026
İmişli Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə İmişli şəhər Mədəniyyət və İstirahət parkında ümumrayon tədbiri keçirilib.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə bayram tonqalı alovlandırılıb, daha sonra tədbir iştirakçıları tərəfindən Novruz adət-ənənələrini əks etdirən sərgiyə baxış keçirilib.
Tədbirin rəsmi hissəsində Elçin Rzayev və Səfa Ağayev çıxış edərək rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, bayramın milli-mənəvi dəyərlərimizin qorunmasındakı əhəmiyyətini vurğulayıblar.
Tədbirin bədii hissəsində mədəniyyət işçiləri tərəfindən Novruz bayramına həsr olunmuş səhnəciklər, folklor nümunələri, musiqi və rəqs nömrələri təqdim olunub. Konsert proqramında Respublika VIII Muğam Müsabiqəsinin laureatı Vüsal Qasımovun ifası maraqla qarşılanıb, Kosa və Keçəlin iştirakı isə bayram əhval-ruhiyyəsini daha da yüksəldib.