Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beyləqanda Novruz Festivalı keçirilib

17.03.2026

Beyləqan Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Beyləqan şəhər Mədəniyyət və İstirahət Parkında Novruz festivalı keçirilib.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivi, şəhid ailələri, qazilər, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Festivalda Beyləqan rayonu ilə yanaşı Sabirabad, Saatlı və İmişli rayonlarının mədəniyyət müəssisələri və incəsənət nümayəndələri də geniş tərkibdə təmsil olunublar.

Bayram məkanı milli ornamentlərlə bəzədilib, səmənilər, xonçalar və Novruz atributları ilə zəngin stendlər qurulub.

Tədbir iştirakçıları tərəfindən bayram stendlərinə baxış keçirilib, xalqımızın zəngin milli-mədəni irsini əks etdirən nümunələr, eyni zamanda el pəhləvanlarının və idmançıların çıxışları böyük maraqla qarşılanıb.

Festivalın gedişində xalq ədəbiyyatının müdrik obrazı Dədə Qorqud və Bahar qızı tamaşaçılar qarşısına çıxaraq bayramın mahiyyətini əks etdirən səhnə nümayiş etdiriblər. Daha sonra Novruzun əsas rəmzlərindən biri olan bayram tonqalı alovlandırılıb.

Tədbirin bədii hissəsində müxtəlif rayonlardan dəvət olunmuş ifaçıların, folklor kollektivlərinin və rəqs qruplarının çıxışları təqdim edilib. Səsləndirilən musiqi nömrələri, milli rəqslər, eləcə də Kosa və Keçəl obrazlarının iştirakı bayram ab-havasını daha da yüksəldib, iştirakçılara xoş ovqat bəxş edib.