03.03.2026
Saatlı Dövlət Rəsm Qalereyasında Od çərşənbəsi münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndələri, Mil-Muğan Regional Mədəniyyət və Regional Gənclər və İdman idarələrinin rəhbər şəxsləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
İştirakçılar qalereyanın dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirdikdən sonra Novruz ənənələrini və milli-mənəvi dəyərlərimizi əks etdirən əsərlərlə tanış olublar. Daha sonra sərgi zalında Od çərşənbəsinin mahiyyətini əks etdirən videorolikin nümayişi olub, Novruz atributlarını özündə birləşdirən qədim əşyalar təqdim edilib. Sərgidə Saatlı Dövlət Rəsm Qalereyasının bərpaçı rəssamı Nazim Fərəcov nümayiş olunan işlər barədə ətraflı məlumat verib.
Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev və Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva çıxış edərək Od çərşənbəsinin xalqımızın qədim inanclarını yaşatdığını, milli birlik və həmrəyliyin rəmzi olduğunu vurğulayıblar. Çıxışlarda həmçinin belə tədbirlərin milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Bədii hissə ilə davam edən tədbirdə Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında Novruz ovqatlı mahnılardan ibarət musiqi proqramı təqdim olunub.