03.10.2025
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad rayon Mədəniyyət Mərkəzində “Çəkməli Pişik” adlı nağıl-tamaşa nümayiş olunub.
Füzuli Dövlət Dram Teatrının təqdimatında nümayiş olunan tamaşa fransız yazıçısı Şarl Perronun eyni adlı əsəri əsasında səhnələşdirilərək uşaqlara dostluq, yoldaşlıq və həmrəylik kimi mühüm əxlaqi-mənəvi dəyərləri aşılamaq məqsədini daşıyıb.
Səhnə əsərinin quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirəni Murad Mirzəzadə, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti isə Gülgəz Soltanovadır.
Tamaşada Anar Buludov, Sahilə Abbasova, Şəbnəm Baxışova, Vüqar İsmayılov, Vüsal Həsənov, Püstə Əhmədova, Rahibə Baxşəliyeva, Günay Çobanzadə və Qəlbinur Əhmədli kimi istedadlı aktyorlar çıxış ediblər.
Tamaşadan öncə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev və Füzuli Dövlət Dram Teatrının baş rejissoru Nicat Mirzəzadə çıxış edərək uşaqlar üçün səhnələşdirilən bu cür tamaşaların maarifləndirici və tərbiyəvi əhəmiyyətini vurğulayıb, yaradıcı heyətə uğurlar arzulayıblar.
Uşaqlar tərəfindən böyük maraq və sevgi ilə qarşılanan nağıl-tamaşa balaca tamaşaçıların alqışları ilə müşayiət olunub.