18.09.2025
Sabirabad Rayon Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Diyardan diyara Üzeyir nəğməsi” adlı konsert proqramı təşkil edilib. Tədbir Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən XVII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub.
Tədbirin rəsmi hissəsində çıxış edənlər Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin banisi olduğunu, onun zəngin irsinin milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsinə çevrildiyini vurğulayıblar. Qeyd olunub ki, dahi bəstəkarın əsərləri bu gün də yeni nəsillərə musiqi zövqü və vətənpərvərlik ruhu aşılayır, milli musiqimizin dünyada tanıdılmasına xidmət edir.
Mil-Muğan bölgəsinin musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri dahi bəstəkarın yaradıcılıq xəzinəsindən parçalar ifa ediblər. “Koroğlu” operasının uvertürası ilə başlanan konsertdə həmçinin “Leyli və Məcnun” operasından səhnələr, “Sevgili canan”, “Sənsiz” romansları, “Qaragöz” mahnısı, “Arşın mal alan” operettasından parçalar və muğam nümunələri səsləndirilib.
Zəngin repertuarı ilə yadda qalan konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.