Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saatlıda şair-publisist Qənbər Əhmədlinin kitabının təqdimatı keçirilib

12.09.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Saatlı Tarix-Diyarşünaslıq Muzeyində “Mədəniyyət, Ədəbiyyat, Bədii yaradıcılıq məclisi”nin sədri, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, müharibə və əmək veteranı, şair-publisist Qənbər Əhmədlinin “Şairəm mənim də, öz sözüm var” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Atatürk Mərkəzinin direktoru, AMEA-nın həqiqi üzvü, akademik Nizami Cəfərov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Milli Məclisin deputatı Razi Nurullayev, Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin sədri, “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru Sərvaz Hüseynoğlu, Respublika Regional Aypara Cəmiyyətinin sədri Vilayət Muradov, şair Vəli Xramçaylı, AYB nümayəndəsi Dayandur Sevindik, rayon ziyalısı Hacı Cəlil, Saatlı rayon Ziyalılar Birliyinin sədri Lətif Şimşəkov, Ağsaqqallar Şurasının sədr müavini, eləcə də rayonun digər ziyalıları və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dərin hörmət və ehtiramlarını bildiriblər.

Çıxış edənlər Qənbər Əhmədlinin yaradıcılığını milli-mənəvi dəyərlərə sadiqliyi, vətənpərvərlik ruhunu və zəfər tariximizi tərənnüm etməsi ilə dəyərləndirərək, yeni kitabını gənc nəsil üçün mənəvi məktəb və ədəbi-mədəni həyatımıza dəyərli töhfə kimi səciyyələndiriblər.

Qeyd olunub ki, kitab milli dəyərlərimizi, zəfər tariximizi tərənnüm edən, şəhid və qazilərimizin qəhrəmanlığını əks etdirən şeirlər toplusudur.

Tədbirdə müəllif çıxış edərək qonaqlara təşəkkürünü bildirib.

Daha sonra şair regionun mədəni həyatında səmərəli fəaliyyətinə və yaradıcılığı ilə ədəbi prosesin inkişafına verdiyi töhfələrə görə Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri fərmanı ilə təltif olunub.

Şairin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirildikdən sonra qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.