Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadda Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı keçirilib

25.06.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi, şəhid valideynləri, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə Azərbaycan Ordusunun yaranmasının ildönümü münasibətilə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad olunub, Vətən uğrunda şəhid olmuş Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin məzunları Əzizbəy Muradov və Asim Əliyevin ruhuna ehtiram ifadə edilib.

Tədbirin rəsmi hissəsində Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, şəhid Əzizbəy Muradov valideyni Etibar Muradov çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, müstəqilliyimizin qorunmasında silahlı qüvvələrin rolundan danışıblar, şəhid ailələrinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Rəsmi hissədən sonra tədbir Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında bayram konserti ilə davam etdirilib. Konsert proqramında vətənpərvərlik ruhlu musiqi nömrələri, klassik əsərlər, xalq mahnıları, fortepiano və qarmon ifaları, müxtəlif rəqs kompozisiyaları təqdim olunub.

Tədbir iştirakçıları məktəb kollektivinin yüksək peşəkarlıqla hazırladığı proqramı böyük maraq və alqışlarla qarşılayıblar.