11.03.2025
Saatlı Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Saatlı rayonunda “Yel çərşənbəsi” təntənəli şəkildə qeyd edilib.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin, YAP Sabirabad rayon Təşkilatının, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəhbər heyəti və əməkdaşları, rayon sakinləri və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Saatlı Dövlət Rəsm Qalereyası və Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olub, daha sonra Novruz bayramına aid milli adət-ənənələrimizi özündə əks etdirən nümunələrə və Saatlı Tarix-Diyarşünaslıq Muzeyinə məxsus eksponatlara baxış keçiriblər.
Daha sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev və Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva çıxış edərək tədbir iştirakçılarını Yel çərşənbəsi münasibətilə təbrik ediblər.
Tədbirin bəddi hissəsində Saatlı rayon Nəsimikənd kənd Folklor evinin nəzdində fəaliyyət göstərən “Adıgün” Türk Xalq Folklor rəqs kollekivi müxtəlif rəqs nümunələri ilə çıxış edib, eyni zamanda Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin şagirdlərinin və rayonun incəsənət nümayəndələrinin təqdimatında bayram ab-havasını əks etdirən müxtəlif musiqi nömrələri səsləndirilib, Saatli Olimpiya İdman Kompleksinin sərbəst güləş idman növü üzrə və “Zəfər” peşəkar idman klubunun cüdo idman növü üzrə idmançıları tərəfindən bir-birindən maraqlı təqdimatlar nümayiş etdirilib.