09.11.2024
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Saatlı Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, mədəniyyət işçiləri, ziyalılar rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülməklə başlayan tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib.
Daha sonra bayram mərasimində çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Ziyalılar Cəmiyyətinin Saatlı rayon şöbəsinin sədri Lətif Şimşəkov, Vətən müharibəsi şəhidi Cavanşir Ağayevin bacısı Ürvət Ağayeva və III dərəcəli Vətən müharibəsi əlili Pərviz Əkbərov tədbir iştirakçılarını müasir dövlətçilik tariximizin qürurverici hadisəsi olan şanlı Zəfərin dördüncü ildönümü münasibətilə təbrik ediblər.
Tədbir daha sonra bədii hissə - Heydər Əliyev meydanında düzənlənmiş konsert proqramı ilə davam edib. Yerli mədəniyyət nümayəndələrinin ifasında səsləndirilən və vətənpərvərlik hissini aşılayan mahnılar, eləcə də “Adıgün” türk xalq folklor kollektivinin çıxışları Azərbaycan və Türkiyə bayraqları ilə meydana axışmış yüzlərlə rayon sakini tərəfindən xüsusi coşqu ilə qarşılanıb.
Tədbirin sonunda bayram günü münasibətilə atəşfəşanlıq təşkil edilib.