Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

8 Noyabr “Zəfər Günü” münasibətilə “Bayraq yürüşü” keçirilib.

08.11.2021

8 Noyabr “Zəfər Günü” münasibətilə Sabirabad rayon İcra hakimiyyətinin təşəbbüsü, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib.

​Sabirabad rayon Gənclər Mərkəzinin qarşısından başlayan yürüş rayonun mərkəzi meydanına kimi davam edib.

​Yürüşdə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri, KİV nümayəndələri, gənclər, ümumtəhsil məktəblərinin şagirdləri və minlərlə rayon sakini iştirak edib.

​Yürüş Sabirabad rayon İcra hakimiyyətinin qarşısındakı meydanda təşkil olunan bayram tədbiri ilə davam edib.

​Tədbirdə rayon rəsmiləri və ictimaiyyət Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin Zəfər Gününə həsr olunmuş rəsmlərindən, həmçinin məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirmişlər.

​Bundan əlavə, Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş dekorativ ağac üzərində şəhidlərin fotoşəkilləri əhalinin marağına səbəb olmuşdur.

​Daha sonra Sabirabad rayonunun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb.

Tədbirin davamında Sabirabad rayon İcra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, millət vəkili, akademik Əhliman Əmiraslanov, şəhid mayor Şahlar Cəfərovun atası Fəzail Cəfərov çıxış edərək, ötən ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və əzəli torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsinin Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyindən söz açmış, bu möhtəşəm qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı Azərbaycan ordusuna minnətdarlıqlarını bildirmişlər.

Tədbirin bədii hissəsində Sabirabad rayon M.Müşfiq adına orta məktəbin şagirdlərindən ibarət “Şahinlər” komandasının, həmçinin Quruzma kənd orta məktəbinin şagirdlərinin ifasında Zəfər Gününə, Vətən müharibəsinə, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş müxtəlif şeirlər səsləndirilmişdir.

Tədbir Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatrının vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiyanın nümayişi ilə sona çatmışdır.