10.09.2025
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə İmişli rayon Mədəniyyət Mərkəzində görkəmli Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə “Şeirə və vətənə həsr olunmuş ömür” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev ,YAP İmişli rayon Təşkilatının sədri Səfa Ağayev, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri Dəyandır Sevgi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarının əməkdaşları, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsindən, milli şeirin inkişafındakı rolundan və gənc nəsillərin vətənpərvərlik ruhunda formalaşmasında böyük xidmətlərindən danışıblar.
Gecədə şairin həyat və yaradıcılığına dair videoçarx nümayiş etdirilib, bədii qiraət nümunələri və musiqi kompozisiyaları təqdim olunub. İmişli şəhər Uşaq İncəsənət məktəbinin xor kollektivi “Azərbaycan sənsən mənim” mahnısını ifa edib, şairin müxtəlif mövzulu şeirlərindən səhnələşdirilmiş parçalar təqdim olunub.
Ədəbi-bədii gecə iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.