Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Sabirabadda fövqəladə hallarla bağlı təlim keçirilib.

10.07.2026

İyulun 10-da Sabirabad rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Mədəniyyət Nazirliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) üzrə birgə fəaliyyət planına uyğun olaraq fövqəladə hallara hazırlıq və yanğın təhlükəsizliyi mövzusunda əyani-praktik təlim keçirilib.

Təlim Fövqəladə Hallar Nazirliyinin Sabirabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən keçirilib.

Tədbirin məqsədi mədəniyyət müəssisələrində çalışan əməkdaşların fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi tədbirləri, ilkin müdaxilə bacarıqları, sağlamlığın və əməyin mühafizəsi, eləcə də ətraf mühitin qorunması sahəsində bilik və praktiki vərdişlərinin artırılması olub.

Təlim zamanı iştirakçılara yanğın baş verdiyi halda təxliyənin düzgün təşkili, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, fövqəladə vəziyyətlərdə operativ və təhlükəsiz davranış prinsipləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev belə təlimlərin əməkdaşların fövqəladə hallara hazırlığının artırılmasında mühüm rol oynadığını vurğulayıb, təlimin yüksək səviyyədə təşkilinə görə Fövqəladə Hallar Nazirliyinin Sabirabad Rayon Yanğından Mühafizə Hissəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.