Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ədəbiyyatın gülüş aynası: Sabir 163 il

30.05.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Hophopnamə” Kitab Mərkəzində Azərbaycanın satirik şairi, mütəfəkkir, ictimai xadim və müəllim, əsərləri dövlət varidatı elan edilən Mirzə Ələkbər Sabirin anadan olmasının 163-cü ildönümünə həsr olunmuş “Gəl, gəl a yaz günləri” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi və əməkdaşları, rayon ziyalıları, gənclər, ədəbiyyatsevərlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şairin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoydublar.

Kitab mərkəzində davam edən tədbirin rəsmi hissəsində Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək Sabirin Azərbaycan ədəbiyyatında tutduğu yer, cəmiyyətə təsiri və onun yaradıcılığının gənc nəslin tərbiyəsindəki rolu barədə fikirlərini bölüşüblər.

Daha sonra qonaqlar “Sabir yaradıcılığına bir nəzər”, “Sabir və Sabirabad”, “Sabir qohumluğu əlaqələri” adlı məruzələrlə çıxış edərək dahi söz ustadının irsi ilə bağlı xatirələrini bölüşüb və Sabirin ədəbi irsinin bu gün də necə aktuallıq daşıdığını vurğulayıblar.

Tədbirin bədii hissəsində isə Sabirin yaradıcılığı əsasında İmişli Uşaq İncəsənət Məktəbinin müəllimi Elnur Məcidovun ifasında “Oxutmuram, əl çəkin!” mahnısı, Sabirabad Sosial İqtisad Kollecinin tələbələrinin ifasında “Satılır” şeiri səslənirilib və “Vur, vur...” kompozisiyası nümayiş olunub.

Tədbir yüksək ədəbi ruhda keçərək iştirakçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb.