Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Sabirabadda “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası nümayiş olunub

11.09.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Sabirabad regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası səhnələşdirilib.

Tamaşanın nümayişində Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad Regional “ASAN xidmət” mərkəzinin direktoru Elvin Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Böyükxanım Babayeva, YAP Sabirabad rayon təşkilatının rəhbəri Varis Rüstəmov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis vəzifəsini icra edən Elçin Qiyasov, məktəblilər, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sabirabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Nicat Əliyevin quruluş verdiyi tamaşa ASAN xidmət könüllülərinin yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, klassik irsin gənc nəsil arasında təbliğinə xidmət edib.

Tamaşadan sonra çıxış edənlər bu kimi layihələrin teatr mədəniyyətinin inkişafına, maarifçi irsin tanıdılmasına və gənclərin mədəni həyatdakı fəallığının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər.

Gənc ifaçıların iştirakı ilə nümayiş olunan səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, məişət və cəmiyyət mövzularını yumoristik dillə qələmə alan Mirzə Fətəli Axundzadənin bu əsəri milli teatr tariximizin mühüm nümunələrindən biri olmaqla yanaşı, maarifçilik ideyalarının təbliğində də xüsusi əhəmiyyət kəsb edir.

Sonda ASAN könüllüləri Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Sabirabad Regional “ASAN xidmət” mərkəzinin Təşəkkürnaməsi ilə təltif olunublar.