Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Hər yanı gülşən Azərbaycan” adlı III Regional Xor Müsabiqəsinin seçim mərhələsinə yekun vurulub

24.04.2024

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Mərkəzi Aran və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə III Regional Xor Müsabiqəsi keçirilir.

“Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş “Hər yanı gülşən Azərbaycan” adlı III Regional Xor Müsabiqəsinin seçim mərhələsinin ikinci günü, aprelin 24-də Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində baş tutub.

Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, Mil-Muğan Regional İdarənin rəisi Faiq Xudanlı, regional idarənin əməkdaşları, mədəniyyət işçiləri iştirak ediblər.

Seçim mərhələsinin ikinci günündə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi üzrə fəaliyyət göstərən 9 uşaq musiqi məktəbinin xor kollektivləri iştirak edib.

İştirak edən xor kollektivləri münsiflər heyəti qarşısında müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.

Müasir Azərbaycan xorunun bilicilərindən olan Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanovanın, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyevanın və Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar müəllim Aqil Qafulovun yer aldığı münsiflər heyəti hər bir kollektivin çıxışına böyük həssaslıq və tələbkarlıqla yanaşıblar.

Xatırladaq ki, müsabiqənin seçim mərhələsinin ilk günü, 23 aprel tarixində 7 uşaq musiqi və incəsənət məktəbinin iştirak ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində baş tutub.

Sonda seçim mərhələsində qalib gələrək final mərhələsində iştirak etməyə haqq qazanmış xor kollektivləri münsiflər heyəti tərəfindən elan edilib.

Belə ki, Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli Onbirillik Musiqi Məktəbi, Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbi, Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi, Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbi, Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi, Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbi final mərhələsinə vəsiqə qazanıb

Bununla da Mərkəzi Aran və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə təşkil edilən Xor müsabiqəsinin seçim mərhələsi yekunlaşıb.

Qeyd edək ki, müsabiqənin final mərhələsi 7 may 2024-cü il tarixində Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində təşkil ediləcək.